Qızıl kitab və təqaüd mədəniyyət sahəsində xüsusi qabiliyyəti olan 10 yaşdan 25 yaşadək Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün dövlət qayğısını təmin etmək məqsədilə təsis olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, təqaüdün məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Təqaüdün verilməsi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına maliyyələşdirilir.
Qızıl kitab müvafiq sahə üzrə xüsusi qabiliyyəti olan şəxslərin ictimaiyyətə tanıdılması və onların həvəsləndirilməsi məqsədilə həmin şəxslərin adlarının daxil edilməsinin xronoloji ardıcıllığı əsasında bir nüsxədə tərtib edilən irihəcmli nəşrdir.
kitaba aşağıdakı şəxslərin adları daxil edilir:
– müvafiq sahə üzrə beynəlxalq və ya ölkə əhəmiyyətli müsabiqə, yarış və ya festivalların laureatı olan şəxslərin;
– müvafiq sahə üzrə təhsildə yüksək nəticələr əldə edən şəxslərin.
Şəxsin adı Qızıl kitaba Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və ya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə daxil edilir. Nazirliyin təqdimatı əsasında şəxsin adının Qızıl kitaba daxil edilməsi və ona təqaüdün verilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qızıl kitaba adı yazılmış şəxs qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, onun adı Qızıl kitabdan Nazirliyin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə çıxarılır. Qızıl kitab Nazirlikdə daim qorunub saxlanılır. Qızıl kitabın elektron nüsxəsi Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.
Şəxsin adının Qızıl kitaba yazılması və ona təqaüdün verilməsi ilə bağlı müraciət aşağıdakı sənədlər əlavə edilməklə, namizədin təhsil aldığı təhsil müəssisəsi və ya işlədiyi dövlət orqanı (qurumu) (bundan sonra – müraciətçi) tərəfindən Nazirliyə təqdim edilir:
– namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;
– namizədin təhsili haqqında sənədin (olduğu halda) surəti;
– namizəd təhsil aldıqda, təhsil alması barədə müvafiq təhsil müəssisəsindən arayış;
– namizədin tərcümeyi-halı;
– namizədin xasiyyətnaməsi;
– namizədliyin irəli sürülməsinə əsas verən nailiyyətləri təsdiq edən sənədlərin surəti.
Nəzərdə tutulmuş sənədlərin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciətçidən tələb olunmur. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciətçi tərəfindən təmin edilir. Qeyd edilən sənədlər tam təqdim olunmadıqda və ya təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar edildikdə (bu Əsasnamənin 3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla), Nazirlik sənədlər təqdim edildikdən 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçini məlumatlandırır. Müraciətçi iclasın keçirilməsinə azı 10 (on) iş günü qalanadək uyğunsuzluqların aradan qaldırılmasını və çatışmayan sənədlərin təqdim olunmasını təmin etməlidir. Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar müraciətçi tərəfindən bu Əsasnamənin 3.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, namizədin qiymətləndirilməyə buraxılmasından imtina olunması barədə qərar qəbul edilir və 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçiyə məlumat göndərilir. Təqdim edilmiş sənədlər bu Əsasnamənin tələblərinə uyğun olduqda, namizəd qiymətləndirilmə üzrə namizədlərin siyahısına (bundan sonra – namizədlərin siyahısı) daxil edilir və 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçiyə məlumat göndərilir.
Təqdim edilmiş namizədlərin bu Əsasnamənin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və seçimini, eləcə də nəzərdə tutulmuş hallarla bağlı qiymətləndirilməni təşkil etmək məqsədilə Nazirlik tərəfindən 9 üzvdən ibarət tərkibdə Ekspert Komissiyası yaradılır. Ekspert Komissiyasının tərkibini və fəaliyyəti barədə reqlamenti Nazirlik təsdiq edir.
Ekspert Komissiyasının iclaslarının keçirilmə tarixini Nazirlik müəyyən edir və bu barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsində yerləşdirir. Ekspert Komissiyası qərarları açıq səsvermə yolu ilə, üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Ekspert Komissiyası namizədlərin seçilməsi barədə əsaslandırılmış qərarını və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq namizədlərin siyahısını Nazirliyə təqdim edir. Nazirlik Ekspert Komissiyasının qərarı ilə təsdiq edilmiş namizədlərin siyahısını, hər bir namizədin bu Əsasnamədə göstərilən tələblərə uyğunluğu barədə arayışı təqdimatla birgə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qızıl kitaba adları yazılmış şəxslərin hər birinə təqaüd verilir. Təqaüd şəxsə onun adı Qızıl kitaba yazıldığı tarixdən hər dəfə 3 (üç) il müddətinə təyin edilməklə, 25 yaşına çatanadək aylıq verilir. Göstərilən yaş həddi nəzərə alınmaqla, 3 (üç) illik müddət başa çatdıqdan sonra şəxsin müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsi bu Əsasnamədə nəzərdə tutulmuş qaydada qiymətləndirildikdən sonra, ona növbəti 3 (üç) il müddətinə təqaüd təyin edilir. 4.4. Şəxsin müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsinin qiymətləndirilməsi müəyyən edilmiş qaydada Ekspert Komissiyası tərəfindən əvvəlki təqaüdün müddətinin bitməsinə ən geci 1 (bir) ay qalmış həyata keçirilir. . Təqaüdün verilməsinin davam etdirilməsi və ya müəyyən olunmuş hallarda dayandırılması haqqında qərar Nazirlik tərəfindən qəbul edilir.
Şəxsə təyin edilmiş təqaüdün verilməsi aşağıdakı hallarda dayandırılır:
– şəxs müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirmədikdə;
– şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
– şəxsin 25 yaşı tamam olduqda;
– şəxsin adı Qızıl kitabdan çıxarıldıqda;
– şəxs vəfat etdikdə.
Təqaüd hər ayın 5-dək, təqaüdçünün adına açılmış xüsusi bank hesabına köçürülür. Zəruri təşkilati tədbirlər Nazirlik tərəfindən həyata keçirilir.
Yuxarıda qeyd olunan tələblər bu Əsasnamə qüvvəyə mindiyi günədək təqaüd təyin edilən şəxslərə münasibətdə bu Əsasnamə qüvvəyə mindikdən 3 (üç) il sonra tətbiq edilir.