Milli Hidrometeorologiya Xidməti Xəzər dənizində müşahidə olunan təhlükəli dalğalar barədə məlumat yayıb.
Xidmətdən Heftelik.az-a verilən məlumata görə, Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır. Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük hündürlüyə külək sürətinin 15-20 m/s qiymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal-qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası:
Xəzər dənizi üçün maksimum dalğa hündürlüyü Abşeron yarımadası akvatoriyası yaxınlığında qeydə alınır. Şimal-qərb istiqamətli qasırğaların gücü 25 m/san-yə qədər yüksəldikdə, qasırğanın episentrində dalğa hündürlüyü 7,5-8,0 m, ekstremal qasırğalar zamanı isə 9-10 m-ə qədər yüksəlir.
“Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” Dövlət İnvestisiya layihəsi çərçivəsində 2020-ci il 28 may tarixində Neft Daşları akvatoriyasında, iyunun 3-də 28 May neft yatağında, martın 23-də Darvin Bankəsi dəniz məntəqəsində, iyunun 14-də Xərə-Zirə adası yaxınlığında 4 dəst avtomat stansiyalar (AWS-430) quraşdırılaraq istifadəyə verilib”.
Açıq dəniz akvatoriyasında yerləşən Milli Hidrometeorologiya Xidmətinin tabeliyində olan Neft Daşları İxtisaslaşmış Dəniz Hidrometeoroloji Stansiyasında aparılan müşahidə məlumatlarına əsasən 2013-2023-cü illər ərzində qeydə alınmış maksimal dalğaların hündürlüyü aşağıdakı qrafikdə verilib: