Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan yaşayış binasına görə SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 965 min. manat həcmində debitor borcu yaranıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, , bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, debitor borcu binanın istiliklə təmin olunması üçün verilən qaza görə yaranıb. Məcburi köçkünlərin yaşadığı həmin bina Bakının Suraxanı rayonunda yerləşir.
““Azəristiliktəchizat” ASC elan etdi ki, həmin bina bizim balansımızda deyil. “Qaçqınkom”un balansında olduğuna görə, biz də onun qazanxanasına qaz verirdik və nəticədə, 965 min manat debitor borcu yarandı. Ümidvarıq ki, “Azərictiliktəchizat” ASC necə ki, öz debitor borcuna həssas yanaşır, digər dövlət qurumu da həmin debitor borcunun ödənişi ilə bağlı konkret hərəkətə keçəcək ”, – Eldəniz Vəliyev əlavə edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə “Azəriqaz” İstehsalat Birliyinin qurumun borcu olduğu barədə Eldəniz Vəliyevin açıqlamasını təkzib edib: Bəzi mətbuat orqanlarinda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) digər quruma bir milyon manatdan artıq borcu olması haqqında məlumat yayılıb. Buna cavab olaraq bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur. Məcburi köçkünlər kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər. Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanına əsasən, dövlət büdcəsindən vahid aylıq müavinət verilir. Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri həyata keçirilir”.