Paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub.
Bu barədə Heftelik.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.
Qeyd edək ki, anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib:
“Onu da qeyd edək ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”.
Xatırladaq ki, 195 nömrəli tam orta məktəbin IV sinif şagirdinin qızılcadan öldüyü bildirilir.
Məktəbdən Heftelik.az-a verilən məlumata görə, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər:
“Müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib. Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır. Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.
Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.
Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir”.