Birinci qrup aktivlərin hansı aktivlərdən ibarət olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Yüksək keyfiyyətli likvid aktivlərə likvidliyin örtülmə əmsalının hesablanması zamanı birinci qrup aktivlər daxil edilir.

Birinci qrup aktivlər aşağıdakı aktivlərdən ibarətdir və hesablamada tam həcmdə nəzərə alınır:

–  bankın kassalarında, pul saxlancında, onun nümayəndəlik, şöbə və filiallarında, bankomat və digər ödəniş terminallarında, habelə olduğu yerdən təyinat yerinə daşınma prosesində olan milli və sərbəst dönərli xarici valyutada olan nağd vəsaitlər;

–  Mərkəzi Bankda açılmış müxbir hesabda olan vəsaitər (məcburi ehtiyatların məbləği istisna olmaqla);

–  Azərbaycan Respublikasının milli valyutada buraxdığı dövlət istiqrazları, Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar;

–   beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik  ölkələrin hökumətlərinin və ya həmin ölkələrin mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar;

–  Fondun buraxdığı təmin edilmiş qiymətli kağızlar;

–  beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar.