Milli Məclisin xərcləri artırılır.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, büdcə zərfində inzibati təsnifata uyğun olaraq bir sıra dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.
Nazir bildirib ki, bunlar deputatlar tərəfindən qaldırılan məsələlərə bağlıdır: “Bu, əsasən təhsil sahəsindəki problemlərlə bağlı məsələlərə aiddir. Ali təhsil və məktəbəqədər ümumi təhsil üzrə dövlət agentliklərinə vəsait yönəldiləcək. Bu xərclər Elm və Təhsil Nazirliyinin aparatının saxlanması xərclərinin 15 milyon manat azaldılması hesabına ayrılacaq. Aparatın xərcləri azaldılacaq və nazirliyin tabeliyində olan agentliyə bu vəsait yönəldiləcək. Müvafiq olaraq büdcədə ehtiyat kimi yaradılmış vəsait hesabına bunu tənzimləyə bilirik. Dövlət Su Agentliyinin və Suların İstifadəsinə Nəzarət Xidmətinin aparatının saxlanması üçün tələb olunan 5,9 və 3,6 milyon vəsait də təmin ediləcək. Bunlar da əlavə xərcə getmədən ehtiyat kimi yaradılmış vəsait hesabına təmin ediləcək. Milli Məclisin də 2024-cü il üzrə xərclərinin 252, 5 min manat artırılması nəzərdə tutulub”.
Qeyd edək ki, noyabrın 15-də Milli Məclisdə Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, Milli Məclisdə deputatların masalarındakı kompüterlərin daha funksional kompüterlərlə əvəzlənməsi üçün vəsait nəzərdə tutulsa, yaxşı olar: “Çox təəssüf ki, təklif olunan layihələri açmaq üçün mən bir neçə dəfə önümüzdə olan kompüterlərin düymələrini sıxıram. Maliyyə Nazirliyi büdcəsi hesabına Milli Məclisin kompüterlərinin daha funksional, daha işlək kompüterlərlə əvəzlənməsi ilə bağlı məsələlər də layihə sənədində öz əksini tapsın”.
Həmin iclasda deputatların bəziləri isə ezamiyyə xərclərinin artırılmasını istəmişdi…