Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin sabiq dekanı, professor Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Jurnalistika fakültəsinin müəllimi Əli Hacıyev sosial şəbəkədə paylaşım edib.
Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 nömrəli orta məktəbi bitirib. 1957-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb.
1974-cü ildə “Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub.
Yalçın Əlizadə Azərbaycanda radio jurnalistikasının nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən, bu sahənin ən yaxşı tədqiqatçılarından biri idi. O, televiziya və radio jurnalistikasının aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi olub.
Allah rəhmət eləsin!