Bankda Müşahidə Şurasını, RİK-i, İdarə Heyətini və digər aidiyyəti əməkdaşları cari və gələcəkdə ehtimal olunan likvidlik mövqeyi barədə mütəmadi, gözlənilməz hallar baş verdikdə isə dərhal məlumatlandıran likvidlik riski hesabatlığı çərçivəsi yaradılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Hesabatlıqda likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi və nəzarətinə dair məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da əhatə olunmalıdır:
– ən qısa müddət ərzində satıla bilən və ya əlavə vəsaitlər tələb olunarsa təminat qismində yerləşdirilə və ya gələcəkdə yenidən maliyyələşdirilə bilən aktivlərin siyahısı;
– öhdəliklərin geri qaytarılması, gələcəkdə əldə ediləcək əsas vəsaitlərin və uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üzrə plan və proqnozlar;
– aktivlərin gəlirliyi, potensial maliyyələşmə mənbələri, bankın real əldə edə biləcəyi vəsaitlər, bunun üçün tələb olunan müddət və xərclər;
-öhdəliklərinin diversifikasiyası məqsədilə bankın bazara çıxış imkanları.