Dekabrın 4-də Ucar şəhər 3 nömrəli tam orta məktəbdə Ucar Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rayonun ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, rayonun hüquq mühafizə orqanlarının, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin məktəbliləri iştirak edib.

Heftelik.az-ın məlumatına görə, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev” ili elan olunub. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə bütün sahələrində olduğu kimi idmanın inkişafına da böyük töhfə verib. Ulu Öndər Heydər Əliyevin diqqətdə saxladığı idman sahələrindən biri də voleybol idi. Ulu Öndər Azərbaycanın müstəqillik dövründə daim voleybola qayğı göstərər, komandalarımızın oyunlarını izləyər, onlara dəstək olardı. Həmçinin, Rayon İcra Hakimiyyətinin Başçısı rayon məktəblilərinin qazandığı uğurlardan, bu sahədə Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun üzərinə düşən vəzifələrdən danışdı və gənc voleybolçulara uğurlar arzulayıb.