Etik davranış qaydalarına əməl olunmasına cari nəzarət üzrə bilavasitə rəhbərlər, gömrük orqanlarının rəhbərlərinin hansı tədbirləri həyata keçirməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.

Etik davranış qaydalarına əməl olunmasına cari nəzarət üzrə bilavasitə rəhbərlər, gömrük orqanlarının rəhbərləri bu Kodeksin tələblərinə əməl olunması məqsədilə aşağıdakı tədbirləri həyata keçirməlidir:

tabeliyində olan əməkdaşların xidməti davranışlarının bu Kodeksə uyğunluğuna gündəlik nəzarət etməli və onun təhlilini aparmalı;

– tabeliyində olan əməkdaşlara etik davranış qaydalarını izah etməli və etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməli;

– tabeliyində olan əməkdaşların xidməti vəzifələrinin həcmini nəzərə alaraq, tutduqları vəzifələrə uyğun vəzifə bölgüsü aparmalı;

– etik davranış qaydalarının pozulmasının, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsinin qarşısının alınması üzrə tədbirlər görməli və bu tədbirlər barədə hər il yanvar ayının 31-dən gec olmayaraq Komitənin etik davranış məsələləri üzrə məsul şəxsinə məlumat verməli;

– tabeliyində olan gömrük orqanı əməkdaşlarının əməyinin qiymətləndirilməsində ədalətli və obyektiv olmalı;

– tabeliyindəki şəxsləri hüquqazidd, ümumi qəbul edilmiş etik normalara uyğun olmayan qərarlar qəbul etməyə və hərəkətlərə sövq etməməli;

– şəxsi münasibətlər zəminində kadrların seçilməsi və yerləşdirilməsi ilə bağlı təkliflərə yol verməməli;

– öz xidməti davranışları ilə bu Kodeksin tələblərinə əməl edilməsinə nümunə olmalı;

– gömrük orqanı əməkdaşı tərəfindən bu Kodeksin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirləri müəyyən etməli;

– etik davranış qaydalarının pozulmasına görə intizam tənbehinin tətbiqi ilə bağlı səlahiyyəti daxilində məsələ qaldırmalı;

– bu Kodeksin tələblərinin pozulmasının nəticələrinin aradan qaldırılması, habelə gömrük orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməli;

– bu Kodeksə əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.