Bütün dünyada hökumətlər öz vətəndaşlarının yaxşı həyat keyfiyyətini təmin etmək üçün çox çalışırlar.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Qeyd edilib ki, hər il vətəndaşlarının daha böyük maraqları üçün bir çox siyasət və layihələr həyata keçirilir. Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, onları əhali və biznes qurumları ilə, həmçinin öz aralarında əlaqələrinin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi dünya təcrübəsində “elektron hökumət” (“e-hökumət”) olaraq adlandırılır. Vətəndaşların, qeyri-hökumət təşkilatlarının dövlətin idarə edilməsində iştirakının artırılması, eləcə də dövlət idarəetmə orqanlarında və yerli özünüidarəetmə orqanlarında informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və inkişaf etdirilməsi məqsədilə ölkəmizdə müvafiq hüquqi normativ baza və institusional çərçivə formalaşdırılmışdır. Bu hüquqi aktlar mərhələli qaydada “elektron hökumət”in nüfuz dairəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin keyfiyyətinin, əhatə dairəsinin artırılması, onların tam avtomatlaşdırılmış interaktiv xidmətlər formasında həyata keçirilməsinin təmin edilməsinə və dolayısı ilə elektron mühitin yaradılmasına istiqamətlənmişdir. Ölkəmizdə də “Elektron hökumət” və elektron xidmətlərin formalaşması və inkişafı məqsədilə son onilliklərdə bir sıra dövlət proqramları, qanunlar və fərmanlar qəbul olunmuşdur ki, bunlar da ölkədə qeyd edilən sahələrin inkişafında fundamental hüquqi baza kimi olduqca əhəmiyyətlidir.