Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi fırıldaqçılıqla məşğul olan “Baku İnşaat” MMC barədə qətnamə qəbul edib.
Bunu Heftelik.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
Qeyd edək ki, deputat Rüfət Quliyev 8 ay əvvəl Milli Məclisin plenar iclasında çıxış edərək “Baku İnşaat” MMC adlı fırıldaqçı şirkət barəsində açıqlama verib. Bildirib ki, 10 aydan çoxdur ki, Axundov Azər İftixar oğlu ərizə ilə ona müraciət edib. Həmin vaxt “Baku İnşaat” MMC-nin müdiri olan Muradov Fərrux Əli oğlu qəbzlə pul alıb, ancaq kiçik bağ evində işlər yekunlaşmayıb, şirkət vətəndaşın 18 min manata yaxın pulunu mənimsəyib. Tikililəri yarımçıq qalmış zərərçəkmişlər məhkəməyə müraciət edib. Məhkəmə prosesinin uzun çəkəcəyi nəzərə alınaraq, həmin insanlar kredit, borc götürərək 75. kv.m ərazidəki həmin kiçik bağ evinin tikinti-təmir işlərini yekunlaşdırmağa çalışıblar. “Baku İnşaat” MMC isə həmin dövrdə də yenə fəaliyyətini davam etdirib, müxtəlif reklam kampaniyaları ilə yeni-yeni insanları aldadaraq pullarını mənimsəməyə çalışıb. Başqa sözlə, bu şirkət yenə insanları aldadıb, pul yığıb, iş görmə zamanı çatanda isə qaçıblar, şirkətin rəhbərlərini dəyişiblər. Deputat xatırladıb ki, bu fırıldaqçı şirkətdəkilərin hamısı bir-biri ilə qohumdur, bir-biri ilə əlaqəli olublar.
Artıq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən, podratçı müqavilədən yaranmış əsas borc olan 15050 manat, işin görülməsinin gecikməsi səbəbi ilə baş vermiş 15%-lik inflyasiya nəticəsində dəymiş zərər olaraq 15%X15100 manat : 100% = 226 manat, dövlət rüsumu olaraq ödədiyi 136 manat, hüquqi yardım üçün ödədiyi 150 manat, cəmi 17 601 manat pul cavabdeh “Baku İnşaat” MMC-dən tutulub iddiaçı Axundov Azər İftixar oğluna verilməlidir.
Deputat Rüfət Quliyev Heftelik.az-a bildirib ki, məhkəmənin qətnaməsi yerinə yetirilməli, vəsait qaytarılmalıdır: “Lakin 1 aydan çoxdur ki, məhkəmənin qətnaməsi yerinə yetirilmir. “Baku İnşaat” MMC biclik edib, hesabını dondurub. Yenə də bunlar qaçmaq, pulu ödəməkdən imtina etmək istəyirlər. Bu hallar göstərir ki, belə şirkətlərə inam ola bilməz. Yeri gəlmişkən, baş verən bu olayın bir müsbət nəticəsi də oldu. “Baku İnşaat” MMC fırıldaqçılığını davam etdirərək intensiv reklam aparır, guya bağlar, evlər tikdiklərini, bayramlarda xüsusi endirimlər etdiklərini iddia edirdilər. Artıq bu fırıldaqçı şirkət belə reklamlarını da yığışdırıb”.
Deputat Rüfət Quliyev vurğulayıb ki, insanlar belə quldur şirkətlər barədə məlumatlı olmalı və mübarizə aparmalıdırlar: “Çünki bu şirkətlər insanları aldadır, qaçır, atdıqları imzaya hörmət etmir, aldıqları vəsaitləri qaytarmırlar. Təxminən 1 ildir ki, bu şirkət kiçik bir sahədə tikintini dondurub, məsuliyyətdən qaçmaq istəyir. Əgər bu proses uzansa, Ədliyyə Nazirliyinə də müraciət edəcəm ki, təsir göstərilsin və məhkəmənin qətnaməsinə uyğun olaraq “Baku İnşaat” MMC tərəfindən ödəmələr olsun, vəsait qaytarılsın. Əgər vəsait qaytarılmasa, evin sahibi məhkəməyə müraciət edərək cinayət işinin qaldırılmasını tələb edəcək”