“Biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər”.
Heftelik.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən söyləyib.
Onun sözlərinə görə, Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər:
“Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu, Azərbaycan Ordusunda isə sıfır. Beləliklə, onların şansı yoxdur. Bir sözlə, mənim onlara mesajım ondan ibarətdir ki, qoy burada, regionda elə vəziyyət yaratmasınlar ki, bizə hər hansı ziyan vurmağın planlaşdırılmamasından əmin olaq! Hələ ki, biz əmin deyilik. Bu səbəbdən, biz reaksiya vermirik. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik.
Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq və mən bu haqda hər kəsi məlumatlandırmışam ki, sonradan şikayət olmasın. Biz cavab verməli olacağıq, çünki hər ölkə öz xalqını müdafiə etməlidir və ümid edirəm ki, bu cür cavaba ehtiyac qalmayacaq. Lakin bunun üçün yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistanın yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir”.