Azərbaycanda e-hökumətin yaranması və inkişafının birinci mərhələsində daha çox hüquqi müstəvidə e-hökumətə dair ilkin anlayışlar cəmiyyətə təqdim edilib, elektron hökumət idarəetməsinin ilkin elementlərinin fomalaşdırılmasına dəstək olan Milli Strategiya, elektron hökumət platformalarının formalaşdırılmasına xidmət edən Fəaliyyət Proqramı kimi hüquqi sənədlər hazırlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Sonuncu mərhələnin başlanğıcında elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (VXSİDA) tapşırılmışdır. Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirmək üçün VXSİDA-nın nəzdində “Elektron Hökumətin İnkişafı Mərkəzi” (bundan sonra – EHİM) publik hüquqi şəxsi yaradılmış və VXSİDA-ya “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın hazırlanması tapşırılıb. Beləliklə, vahid Mərkəzin formalaşdırılması “e- Hökumət” konsepsiyasının əsas məqsədlərindən biri olan dövlət orqanları ilə əhali arasında olan münasibətləri sadələşdirmək, xüsusən sosial xidmət təminatında “məsafəni” azaltmaq və şəffaflaşdırmaq istiqamətində əhəmiyyətli dönüş edib. Həmçinin elektron hökumət quruculuğu istiqamətində dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə göstərilən elektron xidmətlərin sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsinə töhfə verib.