Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabr ayının 7-də imzaladığı Sərancama uyğun olaraq 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. Bu növbədənkənar Prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar. Əlamətdar haldır ki, Müstəqil Azərbaycanın tarixində ilk olaraq Prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcəkdir.
44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edildi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Xüsusi olaraq qeyd edilməlidir ki, bu siyasi tədbir zamanı 20 min seçici – burada işləyən və doğma yurdlarına qayıdan insanlarımız ilk dəfə işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində səs verəcəklər ki, bu hadisə tarixə düşəcəkdir.
Bu gün Azərbaycanın getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Buna görə də, həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Hazırda Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlumdur. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ və Fransa kimi superdövlətlər də Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın mümkünsüzlüyünü anlayırlar. Lakin bütün bunlar ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi ehtimalını da yüksəltmiş olur. Məhz bu baxımdan da həmin dövlətlərin təxribatlarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev tərəfindən atılan addımlar, o cümlədən, ölkəmizdə siyasi sistemin gücləndirilməsi məqsədilə görülən tədbirlər strateji əhəmiyyət kəsb edir.
Növbədənkənar Prezident seçkiləri bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Sadəcə olaraq, bu zaman seçicilər öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir.
Təbii ki, məhdud potensiala malik olan qüvvələr, əvvəlki illərdə olduğu kimi, özlərini doğrultmaq üçün yenə də seçkilərin keçirilməsi ilə bağlı olan müəyyən narazılıqlar ifadə edəcəklər. Bu isə, yalnız onların subyektiv mövqelərinin daha bir nümayişi kimi qiymətləndirilə bilər.
Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcəklər.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü