Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlardan irəli gəlir. Dövlət başçısının Sərəncamı ilə Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki strateji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb.
Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Eyni zamanda, bu seçkilərin Zəfər seçkiləri də adlandırılması onun önəmindən xəbər verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bütün bunların fonunda gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Digər tərəfdən, “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
“Başqa bir məsələ ondan ibarətdir ki, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Təbii ki, qazanılan bu zəfər dövlətimizin milli maraqlarımıza əsaslanan siyasətinin ən parlaq nümunələrindəndir. Bu zəfərdən sonra Azərbaycanın nəinki regionda, o cümlədən beynəlxalq müstəvidə də mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bütövlükdə, Prezident İlham Əliyevin milli maraqlarımıza uyğun siyasət həyata keçirməsi dövlətimizin uğurlarını davamlı olaraq artırır. Şübhəsiz ki, qarşıdan gələn seçkilər də ölkəmizdə həyata keçirilən davamlı islahatların nümunəsi kimi dövlətimizin gücünü daha da artmasını şərtləndirən amillər sırasında olacaq”, – deyən Sevinc Fətəliyeva diqqətə çatdırıb ki, müxalifətin radikal qanadının bu seçkilərlə bağlı mövqeyi reallıqdan tamamilə uzaqdır və ictimai rəyə təsir etmək imkanında deyil. Çünki müəyyən xarici dairələrin əlində alət olan bu “siyasətçilərin” cəmiyyətdə zərrə qədər də nüfuzu yoxdur.
Xalid Kərimov
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü