2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20 ili tamam olur və dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

2004-cü ilin əvvəllərindən başlayaraq, ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl olacaq 4 Dövlət proqramı qəbul edildi, icraya yönəldildi və onun müsbət, uğurlu nəticələri də göz önündədir. Qısa zamanda Azərbaycan regionlarının siması büsbütün dəyişdi, gözəlləşdi, rayonlarla iri şəhərlər, paytaxt Bakı arasında önəmli fərqlər aradan qaldırıldı.

Yenidən rayonlara, bölgələrə geriyə dönüş, qayıdış başladı. Kənd təsərrüfatının, aqrar sektorun inkişafı istiqamətində mühüm addımlar atıldı. Azərbaycan insanının, Azərbaycan vətəndaşının maddi-rifah halı, sosial güzəranı gündən-günə yaxşılaşmağa başladı, yoxsulluq həddi, demək olar ki, minimuma endirildi. Eyni zamanda, ümummilli dərdimiz olan Qarabağ münaqişəsinin həlli istiqamətində, xüsusilə ordu quruculuğunda çox mühüm işlər görüldü. Azərbaycan Ordusu qısa zaman kəsiyində dünyanın 50 ən güclü orduya malik  ölkəsi sırasında yer aldı. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Ordusu 2016-cı ilin dördgünlük Aprel döyüşlərində düşmənə, təcavüzkar və işğalçı Ermənistana sözün əsl mənasında dərs keçdi, “güclü erməni ordusu” mifini darmadağın etdi.

Bunun üstündən cəmi iki il keçəndən sonra, 2018-ci ilin yayında Azərbaycan Ordusu bu dəfə Naxçıvan istiqamətində düşmənə böyük, sarsıdıcı zərbə vurdu, tarixi Günnüt əməliyyatı ilə düşməni çox əhəmiyyətli, strateji mövqelərdən, yüksəkliklərdən geri çəkilməyə məcbur etdi. Aprel döyüşlərində dastan yazan Azərbaycan Ordusu Günnüt əməliyyatında bir daha düşmənə, işğalçı Ermənistana öz gücünü, qətiyyətini, əzmini nümayiş etdirdi. Bir daha göstərdi ki, Qarabağ məsələsində güzəşt mövqeyi olmayacaq, bir qarış torpaq belə düşmənə verilməyəcək.

İstər Aprel döyüşləri, istərsə də Günnüt əməliyyatı Azərbaycan xalqının Qələbəyə, Zəfərə olan inamını yüksəltdi, gücləndirdi, möhkəmləndirdi.

2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş verənlər, Ermənistanın növbəti qanlı fitnəkarlığı və təxribatı da cavabsız qalmadı. Tovuz hadisələrində şəhidlər versək də, Ermənistana, düşmənə çox böyük sarsıdıcı zərbələr vuruldu. Düşmən bir daha qarşısında Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Azərbaycan Ordusunun, dövlət başçısının əzmini, dəmir iradəsini, qətiyyətini gördü. Siyasi-diplomatik zərbələrin dalınca Ermənistana savaş meydanında sarsıdıcı zərbələr endirildi. İyul hadisələri növbəti dəfə Azərbaycan xalqının, Azərbaycan dövlətinin  Qələbəyə olan inamını artırdı və Qarabağa qovuşmağın an məsələsi olduğunu ortaya qoydu.

2020-ci ilin 27 sentyabr tarixində düşmən dövlətin növbəti qanlı təxribatı isə Azərbaycan xalqının, Azərbaycan dövlətinin səbir kasasını birdəfəlik daşırdı. Səhər saatlarından etibarən Ali Baş Komandanın “Vur, döyüş!” əmri ilə rəşadətli Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına, İkinci Qarabağ Savaşına başladı. Ali Baş Komandanın rəhbəri olduğu rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə 30 illik qanlı Qarabağ münaqişəsinə son qoydu, Ermənistanı qarşısında diz çökdürdü, kapitulyasiya aktına imza atmağa, 10 noyabr bəyanatını imzalamağa, öz məğlubiyyətini öz dili ilə  etiraf etməyə məcbur etdi. Düşmən üzərində tarixi Qələbə və Zəfər əldə edildi. Nə münaqişə, nə cəbhə-təmas xətti, nə də status məsələsi qaldı, hamısı cəhənnəmə göndərildi, gorbagor edildi.

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı məğlub dövlət və məğlub xalqdan Qalib dövlət və Qalib xalqa çevrildi. Dağlı-aranlı Qarabağ və Vahid Azərbaycan olduq. Bütün dünya, düşməni açıq və gizli şəkildə dəstəkləyənlər, onu növbəti işğala təhrik edənlər belə bizim gücümüz, əzmimiz, Qələbəmiz qarşısında geri çəkildi, Zəfərimizi qəbul və etiraf etməyə məcbur oldu.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən və Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı Azərbaycan xalqının qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığının dözülməzliyini və İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bütün dünyaya bir daha nümayiş etdirdi.

2023-cü il İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz 24 saat davam edən antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü tam şəkildə bərpa elədi.

Bu şanlı Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, “Heydər Əliyev İli”nə möhtəşəm, dəyərli töhfə oldu.

Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

 

Elmir Qurbanlı

Azərbaycan Universiteti