Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən “Frod Tranzit” markalı mikroavtobus beton arakəsməyə çırpılıb.
Heftelik.az-ın məlumatına görə, qəza nəticəsində 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı və 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızı ölüb.

Sumqayıt Tibb Mərkəzinin yaydığı məlumatda bildirilib ki, Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər gətirilib (4-ü qadın cinsi, 2-si kişi cinsi olmaqla).
Qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü qadın həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Digər xəsarət alanlar – 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.

1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.