Ölkə başçısı tərəfindən növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə bağlı sərəncamın verilməsi özünəinam xarakteri daşıyır

Demokratik mühitin formalaşmasında seçkilərin əhəmiyyəti çox böyükdür. Çünki seçkilər davamlı, dayanıqlı demokratiyanın təməl sütunlarından biridir. Lakin 2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkiləri özəlliyi ilə seçiləcək və Azərbaycanın seçki tarixindən bir ilk olaraq yadda qalacaq. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçkilərə Azərbaycan tam, bütöv ərazisi ilə gedir. Bir vaxtlar həsrət qaldığımız torpaqlarımız artıq işğaldan azad olunub və bu ərazilərdə də seçki məntəqələri fəal olacaq. Şuşada, Xankəndində və digər işğaldan azad olunan ərazilərdə seçki dairə və məntəqələri öz Prezidentini seçmək üçün fəaliyyət göstərəcək.

Ali Baş Komandan İlham Əliyevin sülhün əldə olunması üçün atdığı addımlar bütün dünya dövlətləri tərəfindən təqdir olunur. Qafqaza sülh gətirən lider olaraq cənab Prezidentin siyasəti nəinki region, ümumiyyətlə, qlobal dünya üçün örnəkdir. Belə bir məqamda ölkə başçısı tərəfindən növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə bağlı sərəncamın verilməsi özünəinam xarakteri daşıyır. Dövlətimizin başçısı hər zaman Azərbaycan xalqının iradəsinə inanır. Zəfər qazanmış dövlətdə vaxtından əvvəl prezident seçkisinin keçirilməsi, eyni zamanda siyasi qələbənin də təntənəsi olacaq. Buna görə də 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra xalqa müraciətində düz 20 il bundan əvvəl Azərbaycan xalqının ona böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçdiyini demişdir: “O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”. Qeyd etdiyimiz kimi Prezident İlham Əliyev özünə inanır və xalqın dəstəyinə əmindir. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Azərbaycanı qalib dövlət edən cənab Prezident bundan sonra da daxili və xarici siyasətində inamla addımlayacaq. Fevralın 7 də Azərbaycan öz liderini yenidən seçməklə dünyaya siyasi həmrəylik və bilik baxımından nümunə olduğunu bir daha göstərəcək. Vətən müharibəsi günləridən Azərbaycandakı həmrəylik bizi Qələbəyə doğru daha da inamla irəliləməyimiz üçün stumul vermişdir. Azərbaycan xalqı bu birliyi fevralın 7-də bir daha göstərəcək. Artıq Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin fevralın 7-də keçirilməsi haqqında sərəncam imzaldıqdan sonra ölkədə seçki ilə bağlı işlər başlanılmışdır. Xatırladaq 2023-cü il dekabrın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Cənab Prezidentin  Sərəncamının müvafiq hissəsini təmin etmək məqsədilə seçkilərin 2024-cü il fevralın 7-nə təyin edilməsinə qərar verilib. Komissiya seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, onlara metodiki yardım göstərilməsi və seçki prosesindəki fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün zəruri məqamların əks olunduğu Təqvim planını təsdiq edib. Sözügedən seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də iclasda baxılıb və Komissiyanın qərarı ilə 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Yeri gəlmişkən, növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlər 2024-cü il yanvarın 15-dək ayrılacaq. Bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb. Seçki Məcəlləsinə əsasən, Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılmasını dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə 23 gün qalanadək təmin etməlidirlər. Prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 15-dək olan dövrü əhatə edir.

Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Bütün seçkilərdə olduğu kimi 7 fevral seçkilərində də iştirak etmək üçün qanun çərçivəsində bütün namizədlərə bərabər imkanlar yaradılacaq. MSK-nın seçki təqviminə görə Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların bloklarından mümkündür. Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi sənədlərin MSK-a təqdim edilməsindən sonra 5 gün müddətində olacaq. Göründüyü kimi, uyğun namizəd prezidentliyə öz namizədliyini verə bilər. Bu da vətəndaşlara, eləcə də siyasi partiya və ya bloklara yaradılmış münbit demokratik şəraitdir.

 

Səyavuş Qasımov

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent