Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropanın ən tanınmış və çoxsaylı auditoriyası olan “Euronews” televiziyasına müsahibə verib və çox böyük marağa səbəb olan bu müsahibə dekabrın 9-da həmin kanalda yayımlanıb. Müxbirin çoxsaylı və bir çox sahələri əhatə edən suallarını ətraflı cavablandıran ölkə başçısı öz müsahibəsində mühüm əhəmiyyət kəsb edən məqamlara da toxunub.
Ölkəmizin iqtisadi inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Bu islahatların nəticəsidir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə endirilməsinə nail olunub. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.
Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması istiqamətində də işlər görülür və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bugünkü geosiyasi vəziyyətdə yaranan çətinliklərə baxmayaraq gələn il üçün iqtisadi artımın daha çox olacağı planlaşdırılıb.
Nəzərdə tutulan işlərə gəlincə ölkə başçısı bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıdışının və məskunlaşmasının təmin edilməsidir. Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140 min insan öz yurdlarında yerləşdiriləcək. Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.
Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Buna görə də bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı keçirilib. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılır.
Ölkə başçısı öz çıxışlarında və verdiyi müsahibələrində hər zaman mütləq olaraq Ermənistan ilə münasibətlərə geniş yer ayırıb və bir çox suallara aydınlıq gətirib. “Euronews” televiziyasına verilən müsahibəsində də Ermənistanla olan münasibətlərin gələcək perspektivləri barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyev bildirib ki, “Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir”.
Dövlət başçısı bildirib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq”.
Xüsusi olaraq vurğulanıb ki, “Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”.
Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlət başçısı bildirib: “Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.
Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü