“ASAN Finans” sistemində sorğu edilən vətəndaşın FİN-i, hansı məlumat növünün hansı qurum tərəfindən sorğulandığı və sorğulanma tarixinə dair məlumatlar saxlanılsa da, vətəndaşların razılığının olub-olmadığı Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM)
tərəfindən yoxlanıla bilmədən onların fərdi məlumatlarının kommersiya məqsədləri ilə istifadəsinə texniki imkanlar yaranıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Bu məsələlərdə ən böyük məsuliyyət həm də elə vətəndaşların öz üzərinə düşür. Belə ki, əhali maliyyə xidmətləri göstərən bütün özəl qurumlarla olan hüquqi münasibətlərində kifayət qədər ayıq-sayıq olmalı, xüsusən banklarla bağladığı bütün fiziki və ya onlayın müqavilələrində, razılıq ərizələrində özlərinin fərdi məlumatların istifadəsinə dair bütün şərtləri diqqətlə oxumalı, tam aydınlaşdırmalı və bu barədə məlumatlandıqdan sonra müvafiq müqavilələr imzalanmalıdır. Hətta vətəndaşların banklarla biraşa xidməti müqavilələri olmadığı hallarda bankların mobil tətbiqlərinin telefona yüklənməsi və istifadəsi zamanı, eləcə də “ƏDV geri al” xidmətində qeydiyyat zamanı fərdi məlumatlarından istifadəyə dair razılıqlar vətəndaşın özü tərəfindən əhəmiyyət verilmədən təsdiq edilir. Bu hallar isə banklar tərəfindən fərdi məlumatların istifadəsində və yaxud vətandaş-bank münasibətləri fonunda gələcəkdə baş verə biləcək problemlər və mübahisələndirmə hallarında fərdi məlumatların istifadəçisinin lehinə hüquqi əsaslar yaradır.