Etik davranış üzrə məsul şəxsin gömrük orqanlarında hansı tədbirləri həyata keçirdiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.

Etik davranış üzrə məsul şəxs gömrük orqanlarında bu Kodeksin tələblərinə əməl olunması məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:

– bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir, bu barədə məlumatları ümumiləşdirir;

– etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

– gömrük orqanı əməkdaşlarının etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin keçirilməsini təşkil edir;

– etik davranış qaydalarına dair izah verir;

– etik davranış qaydalarının pozulması ilə bağlı məlumatları qəbul edir və araşdırılması üçün aidiyyəti üzrə təqdim edir;

– etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və bu qaydaların pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür;

– etik davranış qaydalarının pozulmasının qarşısının alınması və ya baş vermiş pozuntu halları üzrə nəticələrin aradan qaldırılması məqsədilə gömrük orqanlarının rəhbərlərinə təklif, tövsiyə və təqdimat verir;

– əməkdaşların etik davranış məsələləri ilə bağlı media subyektləri, bu sahə üzrə ekspert və mütəxəssislərlə əməkdaşlıq edir;

– etik davranış məsələləri və etik davranış qaydalarının pozulması halları ilə bağlı il ərzində həyata keçirilmiş tədbirlər barədə növbəti ilin fevral ayının 20-dək Komitə sədrinə hesabat təqdim edir;

– gömrük orqanı əməkdaşlarının etik davranış qaydaları ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir;

– qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Nəzərdə tutulmuş hesabatda əməkdaşların bu Kodeksin tələblərinə riayət etmə vəziyyəti, etik davranış sahəsində həyata keçirilən maarifləndirmə, daxil olmuş müraciətlərə baxılması və araşdırılması vəziyyəti, yol verilmiş etik davranış pozuntuları, onların nəticələrinin aradan qaldırılması, o cümlədən pozuntuların baş verməsinə səbəb olan halların qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər və bu Kodeksin tətbiqi ilə bağlı digər məsələlərə dair məlumatlar öz əksini tapır.