Azərbaycançılıq ideologiyası hər şeydən əvvəl, ilk növbədə, özünü dərk etmək ilə xarakterizə olunma anlamına gəlir. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.

Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.

“Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Belə ki, bu terminin işlədilməsi əsasən Sovetlər birliyindən sonra rast gəlinsə də sözügedən ideologiyasının müstəqillik illərində daha öncə ölkədə yaşayan müxtəlif xalqların, millətlərin fərqli mədəniyyətləri və adət-ənənələrini qoruyub saxlayaraq xalqların mədəni müxtəlifliyini həm müdafiə, həmçinin birgə inkişaf etdirmək dövlətin inkişafı istiqamətində atılmış bir addım kimi böyük rol oynamışdı. Ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.

Biz bundan sonra da azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.

 

 

Qurbanlı Elmir

Azərbaycan Universiteti