“Kərimə” dövləti qurmaq istəyən daha bir qrupun məhkəməsi başlayır.
“Heftelik.az”ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Mühakimə olunan 13 nəfər-Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin işini Novruz Kərimovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.
Cinayət işi üzrə iki nəfər – “Real” tv-nin rəhbəri Mir Şahin Ağayev və keçmiş təhsil naziri Misir Mərdanov zərərçəkmiş kimi tanınıb.
“Heftelik.az”ın əldə etdiyimiz məlumata görə, sözügedən şəxslər təqsirləndirilən şəxslərin planının bir hissəsini təşkil edib. Onlar Mir Şahin Ağayev və Misir Mərdanovu odlu silahla xəsarət yetirərək, bir növ xəbərdarlıq etmək istəyiblər. Onların belə bir plan qurmalarına səbəb isə Mir Şahin Ağayevin efirdə “İmam Hüseynova” bacıları sözünü işlətməsidir. Misir Mərdanovdan isə 1998-2003-cü ildə təhsil ocaqlarında hicabın yığışdırılması ilə bağlı fəaliyyətinə görə qisas almaq istəyiblər. Planı quranlar belə qənaətə gəliblər ki, anti-islam təbliğatı Misir Mərdanovun tapşırıqlarına görə olub.
Təqsirləndirilən şəxslər Mir Şahin Ağayev və Misir Mərdanov haqqında məlumatlar toplayıb, iş yerlərinin qarşısında pusqu quraraq onları güdüblər.
Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkar davranışı nəticəsində planın qarşısı alınıb, dəstə üzvləri ifşa ediliblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.