Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar şəhər 5 nömrəli tam orta məktəbində “Müzəffər Ali Baş Komandan-Xalq-Ordu birliyi” mövzusunda tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da qalib dövlət kimi əbədi yaşayacaq.
Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, rayon ziyalısı Hakim Nəcəfov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Kamilə Nağıyeva mövzu ətrafında çıxış ediblər.