Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.
Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi. Onun vaxtilə söylədiyi və bütün dünya azərbaycanlıları üçün həmişə bir fəaliyyət devizi olacaq bu fikri nə qədər dərin və mənalıdır: “Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq”. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən,
inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub
saxlamış və nəsildən-nəslə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu Öndər bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi
yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə, milli və dini əxlaqa söykənərək xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutaraq savab qazanmağa can atmışlar. Eyni zamanda xalqımız həmin dövrdə bir çox qadağalara baxmayaraq milli və dini bayramlarını da qeyd etmişdir.
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir.
Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurğulayan Ulu Öndər bu bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək demişdir: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”.
Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev inamla və sədaqətlə davam etdirir. Dəyişən yalnız onları hərəkətə gətirən qüvvələrdir. Məsələn, xalq ilə ordu arasındakı münasibətlər, müharibənin aparılmasına xalqın münasibəti və onun müharibəyə necə səfərbər olunması, ölkənin müdafiəsinin təşkilində xarici siyasətin nəzərə alınması, ölkənin müdafiəsinin təşkilinin maddi və mənəvi amillərdən asılılığı, ölkənin müdafiəsinin təmin edilməsi üçün dövlətin apardığı siyasətin xarakteri və s. Bu məqamların
sayı çoxdur və Azərbaycan xalqının qəhrəmanlıq tarixi də bütün bu məqamların yüksək məharətlə icrasının ifadəsidir. Ulu öndər Heydər Əliyev də məhz Azərbaycan xalqının belə qəhrəmanlıq tarixini bugünkü mübarizə üçün örnək sayırdı.
Azərbaycanın müstəqilliyinə sədaqət nümayiş etdirən, mənəviyyatca saf olan zabit
kadrlarının hazırlanması üçün ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin yaradılmasına və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Məlumdur ki, hələ sovet dövründə Heydər Əliyev bu mühüm sahədə dəyərli işlər görmüşdü və milli hərbi kadrlar hazırlığı üçün qiymətli bir baza yaratmışdı. Ona görə də müstəqillik illərində hərbi təhsil bazasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli imkan mövcud idi. Ulu öndər Heydər Əliyev iştirak etdiyi tədbirlərdən birində Azərbaycanda Ali Hərbi Məktəbin, Ali Hərbi Təyyarəçilik Məktəbinin, Ali Hərbi Dənizçilik Məktəbinin, Hərbi Akademiyanın, müxtəlif təkmilləşdirmə kurslarının mövcudluğunu və onların milli hərbi kadrlar hazırlığı istiqamətindəki fəaliyyətini məmnunluqla qeyd edirdi. Onun sözlərinə görə, artıq formalaşmış olan hərbi təhsil sistemi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün yeni zabitlər,
müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayacaqdır ki, bu da Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafına kömək edəcəkdir.
Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda hərbi təhsil sisteminin inkişafına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirməsinin nəticəsi idi ki, atəşkəs dövründə mövcud olan hərbi təhsil sisteminin kifayət qədər təkmilləşdirilməsi üçün ciddi işlər görüldü. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti nəticəsində 1971-ci ildə əsası qoyulmuş Cəmşid Naxçıvanski adına xüsusi internat məktəbi 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Atəşkəs dövründə ulu öndər Heydər Əliyev dəfələrlə liseydə olmuş, orada hərbi təhsilin gedişi ilə maraqlanmışdı. 2003-cü ilin aprelində ulu öndər Heydər Əliyev liseyin təşkilinin 30 illiyinə həsr edilmiş təntənəli mərasimdə də iştirak etdi. Bu tipli tədris ocağının milli kadrların hazırlanması sahəsindəki əhəmiyyəti nəzərə alındığı üçün Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı təşkil edildi. 2004-cü
ildə isə bu liseyin bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı.
Sovet dövründən mövcud olan ali hərbi məktəblərin fəaliyyəti isə atəşkəs dövründə daha da təkmilləşdirildi. Hələ sovet dövründə zabit kadrların hazırlığının tanınmış məktəblərindən olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi Azərbaycanın müstəqilliyinin qazanılmasından sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli sərəncamı ilə bu məktəb Azərbaycan Ali Hərbi Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə məktəb indi Heydər Əliyevin adını daşıyır. Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda irəli sürdüyü tələblərə onun bu istiqamətdəki təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nümunə idi. Məsələn, təkcə 1993-1998-ci illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı 109 müşavirə, iclas və görüş keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə
edilmiş, əldə olunmuş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi. Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”. Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə
çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
Lamiyə Rəhimli
Nəsimi rayon sakini