Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “…Biz öz milli- mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Ulu öndərimiz Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir. Hazırda Azərbaycanın türkdilli ölkələrlə mədəni əlaqələrində Türksoy təşkilatı əsas rol oynamaqdadır. Türksoy təşkilatının əsası 1992-ci ilin yazında İstanbul şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirlərinin birinci görüşü zamanı qoyulmuşdur. Türksoyun idarəetmə orqanlarının strukturu və fəaliyyət mexanizmləri təşkilatın 1992-ci ilin dekabrında Bakıda keçirilən ikinci toplantısında formalaşdırılmışdır. Bundan sonra “Türksoyun yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə” sənədi 12 iyul 1993-cü ildə Almatı şəhərində 6 təsisçi-dövlət və təşkilatın daimi üzvləri – Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Qırğızıstan və Özbəkistan respublikaları tərəfindən imzalanmışdır. Daha sonra bu müqaviləyə müşahidəçi dövlət qismində Tatarıstan, Başqırdıstan, Şimali Kipr türk respublikaları, həmçinin RF tərkibində olan Tuva, Xakasiya, Altay, Saxa-Yakutiya respublikaları və Moldova Respublikası tərkibində TAO Qaqauz Yeri qoşulmuşdur.
Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Bu isə nəticə etibarı ilə, Azərbaycandilli məktəblərin, maarifin inkişafına da təkan verdi və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin Ana dilində təhsilinə üstünlük verilməyə başlandı.
1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və Qanlı Yanvar faciəsinin törədilməsindən sonra Kreml və şəxsən Prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü. Bakıdan sonra sovet qoşunları Neftçala və Lənkəranda mülki şəxsləri qətlə yetirdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü. Azərbaycan xalqının SSRİ-yə münasibətinin tamamilə dəyişməsində və milli müstəqillik ideyalarını reallaşdırmasında 20 Yanvar faciəsi mühüm rol oynayıb. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü qərəzli siyasətə kəskin etirazını bildirib, sovet ordusunun dinc əhaliyə divan tutmasını qətiyyətlə pisləyib və daha sonra Kommunist Partiyasının üzvlüyündən imtina edib.
1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu Öndər belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Azərbaycanın dünya miqyasında tanınması, hər şeydən əvvəl, ümummilli lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. 1994-cü ildə cəbhədə atəşkəsə nail olunması da Heydər Əliyevin tarixi xidmətidir və Heydər Əliyev bununla ölkəyə sabitlik gətirdi, iqtisadi islahatları işə saldı, Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, “Əsrin müqaviləsi” ilə Qərbi öz tərəfinə çəkə bildi və Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək Bakı-Tbilisi-Ceyhan kəməri tikilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Heydər Əliyevin çox böyük uzaqgörənliyini nümayiş etdirir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiya hazırlanaraq, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildikdən sonra Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyuldu. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində qəbul olunmuş sənədlər beynəlxalq hüququn prinsip və normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edib. 1992-ci il yanvarın 30- 31-də Praqada keçirilən ATƏM Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistanın bu təşkilata üzvlüyündən sonra ATƏM münaqişə ilə yaxından məşğul olmağa başlayıb. Fevral ayında Ermənistan və Azərbaycana məruzəçilər missiyasının göndərilməsindən sonra təşkilatın Yüksək Vəzifəli Şəxslər Komitəsi qərar qəbul edərək tərəfləri sülhə, o cümlədən atəşkəsin elan edilməsinə və qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymağa çağırıb. 1992-ci il martın 24-də Yüksək Vəzifəli Şəxslər Komitəsinin təşəbbüsü ilə ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən əlavə görüşündə ATƏM-in münaqişənin həlli prosesində əsas rol oynamalı olduğu bildirilib, Belarus Respublikasının paytaxtı Minsk şəhərində danışıqlar üçün daimi çərçivə kimi çıxış edəcək xüsusi konfransın çağırılması qərara alınıb.
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılıb və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin yekun sənədə əlavə edilən bəyanatında öz əksini tapıb. ATƏT-in bütün iştirakçı dövlətlərinin qoşulduğu həmin prinsiplər aşağıdakılardır:
- Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;
- Dağlıq Qarabağın Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva edən hüquqi statusu;
- Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət. Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin yaxşı mənada formalaşmasına səbəb oldu. Eyni təəssürat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərindən də yarandı. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilib.
Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib. Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib.
Kərimova Pərvin
Nəsimi rayon 247 nömrəli tam orta məktəb