Hesablama Palatasının 28.07.2022-ci il tarixli AHO/4-3.2-2022-92 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş proqrama əsasən VXSİDA-nın tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi üzrə səmərəlilik auditi aparılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Audit zamanı müəyyən edildi ki, e-hökuməti əhatə edən bir neçə layihədə e-iştirakçılıq alətləri qismən formalaşdırılıb. Belə ki, ayrı-ayrı layihələrdə e-iştirakçılıq alətlərindən məhdud istifadə edilməsi (məsələn, Rəqəmsal İcra Hakimiyyəti layihəsi) və ya ümumiyyətlə belə alətlərin yaradılmaması halları (məsələn, “ASAN” Müraciət layihəsi) vətəndaşların dövlət qurumlarına elektron müraciət imkanlarının artırılması əvəzinə bu xidmətlərə dair indikatorların – inkişaf göstəricilərinin son dövrlərdə zəifləməsi ilə nəticələnmişdir.
Digər tərəfdən, göstərilən xidmətlərdə əhalinin də elektron iştirakçılıqla bağlı təşəbbüsünün yüksək olmaması, ümumilikdə isə e-iştirakçılıqla bağlı maarifləndirmə və təşviqin zəif olması, bu alətlərdən istifadə barədə əhalini elektron hökumət xidmətlərinə təşviq edən sosial çarxların təqdim edilməməsi, regionlarda əhalinin elektron xidmətlərdən istifadəsi ilə bağlı bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməməsi, e-hökumətlə bağlı digər parametrlərdə ölkəmizin reytinq göstəricilərində kifayət qədər əhəmiyyətli artım olmasına baxmayaraq, məhz “e-iştirakçılıq” komponenti üzrə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin zəifləməsinə səbəb olub.