Hərbi Qənimətlər Parkı

13 Dekabr 2023, 10:11

2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edib. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, “keçilməz” dediyi nəhəng istehkamları qısa müddətdə şanlı Azərbaycan əsgəri darmadağın edib. Bir-birinin ardınca şəhər və kəndlərimiz düşmən işğalından azad olunub.  44 gün ərzində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümayiş etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “İkinci Qarabağ müharibəsində  biz Ermənistanın haradasa 4-5 milyard  dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir”.

Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda, ermənilər üçün göz dağına çevrilib. Müharibə öncəsi “Tezliklə tanklarımız Bakı küçələrində olacaq” deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın yaradılmasını erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın “düşmənçiliyi” haqqında müraciət ünvalamaqdan çəkinmirlər. Əlbəttə, bunlar əbəs cəhdlərdir. Düşmən Qarabağın işğalı faktının ona hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bunu zamanında anlamadılar. Azərbaycana qarşı qüvvələr dərk etmədilər ki, onların qarşısında tarixi qəhrəmanlıq ənənələri olan bir xalq, bir dövlət və bu dövlətin qüdrətli sərkərdəsi dayanır.

5 hektar ərazisi olan bu Park paytaxtın Xətai rayonunda yerləşir. Burada düşmənin 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.

Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

 

Qurbanlı Elmir

 Azərbaycan Universiteti