Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən daha bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Heftelik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

1. İlham Şıxəliyev 1992-ci ildə Şirvan şəhərində anadan olub. Ailəlidir. Himayəsində 1 azyaşlı uşağı var.

2. Faiq Zeynalov Bakı şəhərində anadan olub. Subaydır. Təhsili natamamdır.

3. Hüseyn Hüseynzadə 2001-ci ildə Lənkəran rayonunda anadan olub. Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 5-ci kurs tələbəsidir. Subaydır

4. Etibar Məmmədzadə 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Subaydır.

5. İlkin Bağırov 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Subaydır. Ali təhsillidir.

6. Vüqar Mədətov 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Subaydır. Orta təhsillidir.

7. Elvin Cəfərov 1993-cü ildə Mingəçevirdə anadan olub. Evlidir. Orta təhsillidir.

8. Elgün Ağayev 1997-ci ildə Füzulidə anadan olub. Subaydır. Orta təhsillidir.

9. Məhərrəməli Musayev 2004-cü ildə Biləsuvarda anadan olub. Orta təhsilli və işsizdir.

10. Savalan Hüseynli 2001-ci ildə Tərtər rayonunda anadan olub. Subaydır, orta təhsillidir. Zərgərlik işi ilə məşğul olub.

11. Ruslan Əliyev 1987-ci ildə Abşeron rayonunda anadan olub. Orta təhsilli və evlidir. Pianino ustası kimi fəaliyyət göstərib.

12. Yusif Mirzəyev 2003-cü ildə Gədəbəy rayonunda anadan olub. Orta təhsilli, işsiz və subaydır.

13. Mir Vasid Əliyev 2006-cı ildə Bakı şəhərində doğulub. Subay, orta təhsilli və işsizdir.

Cinayət işi üzrə araşdırma aparılarkən, “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları da məlum olub.

Onlar arasında keçmiş təhsil naziri Misir Mərdanov və Real TV-nin rəhbəri Mirşahin Ağayev də var.

Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə kimi təxirə salınıb.

Xatırladaq ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas 313” adlı qrupun 7 nəfər üzvü – Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar.

R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.