Unudulmaz tarix

13 Dekabr 2023, 10:34

İnsanın həyatında bəzi günlər olur ki, o günlər unudulmaz olur və ömürlük yaddaşımıza yazılır. Azərbaycan xalqının da unudulmaz tarixlərindən biri də 44 günlük İkinci Qarabağ müharibəsidir. Və müharibədən sonra dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 gün davam edən “Dəmir Yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Şanlı ordumuz işğal altında olan ərazilərimizi işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 ilin nisgilinə, acısına son qoyuldu. Zəfər paradında nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Ölkəmizin vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur simvolu, ermənilər üçün məğlubiyyət dərsi olaraq tarixlərə yazıldı. Zəfər paradı sübut etdi ki, rəşadətli, güclü ordusu olan xalqın müstəqilliyi əbədidir. Ordunu da güclü edən arxasında dayanan yenilməz, güclü xalqdır. Xalqımızın sevgisi, inamı ordumuza güc vermişdi. Və bu sevgi, inam, güc sayəsində yaddaşımızdan silinməyəcək sonsuza qədər qürurla danışacağımız bir tarix yazıldı. Bu unudulmaz tarixi bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza, Ordumuza ,Vətən torpaqları uğurunda canlarından keçən igid oğullarımıza minnətdarıq! Bu tarix bizim üçün unudulmaz və hər zaman şərəflə, qürurla danışacağımız tarix oldu.

 

Nazənin Dadaşova

Azərbaycan Dillər Universiteti