İlin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsi ilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, Azərbaycan ərazisində isə 4548 zəlzələ qeydə alınıb.
Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin birgə iclasında Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub. Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlər).