Gömrük orqanı əməkdaşı gömrük orqanları tərəfindən məxfi rejimdə xarici ticarət iştirakçılarına təqdim olunmuş şifrələrdən (parollardan) istifadə etməməli, həmin məlumatların məxfiliyi rejiminə əməl etməli, ona məlum olan kommersiya sirrini qorumalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı xidmət etdiyi gömrük orqanının sərəncamında olan və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Qanununa əsasən açıq informasiyaya aid edilmiş məlumatların əldə olunmasının və yayılmasının mümkünlüyünü səlahiyyətləri daxilində təmin etməlidir.
Gömrük orqanı əməkdaşı xidməti informasiyanın təqdim edilməsi üzrə qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl etməli, gömrük orqanlarının və qurumlarının fəaliyyəti ilə əlaqədar məlumatları bilavasitə və ya yuxarı rəhbərinin icazəsi olmadan digər şəxslərə, o cümlədən media subyektlərinə verməməlidir.