Sosial müavinətlə təmin edilmiş şəxslər üzrə göstəricilərin digər baza göstəriciləri ilə üzləşdirilməsi zamanı ümumilikdə 43 şəxsə eyni zamanda həm Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyasının, həm də Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından sosial müavinət ödənişinin həyata keçirildiyi aşkarlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Nəticədə həmin şəxslərə ümumilikdə 88593,1 manat məbləğində sosial müavinət ödənişinin artıq ödənildiyi müəyyənləşdirilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən Hesablama Palatasına təqdim edilmiş siyahı ilə sosial müavinət alan şəxslərə dair göstəricilərin üzləşdirilməsi zamanı 1 nəfər sosial müavinət alan şəxsin vəfatından sonrakı dövrdə plastik kart hesabına vəsaitin köçürüldüyü qeydə alınıb.