“Predictive Government” konseptinə uyğun olaraq hazırlanmış elektron hökumət sistemlərində istifadəçi qurumlara təhkim edilən “məlumat analitikası alətləri” vətəndaşlardan onların məlumatlarının ötürülməsinə dair icazələr (təsdiqləmələr) alır və yalnız vətəndaşlardan müvafiq təsdiqləmə vasitəsi ilə fərdi məlumatın istifadəsinə icazə verildikdən sonra məlumatlar sorğu verən quruma avtomatik ötürülür.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) hazırladığı layihələrdə, məsələn “MyGov” layihəsinin “Layihə Əhatə Dairəsi Sənədi”ində (Project Scope Statement) e-Gov və əlaqəli sistemlərdən vətəndaşın məlumatlarına hər hansı baxmaq istəyi/sorğusu olduqda bu barədə vətəndaşın dərhal məlumatlandırılması modulunun texniki olaraq qurulması nəzərdə tutulsa da, səmərəlilik auditi zamanı EHİM tərəfindən qeyd edilən modulun hazırlanmadığı (və ya işlək olmadığı) müəyyən edildi.
Eyni zamanda dünyanın ən yaxşı protokollarından olan “OAuth 2.0” protokolunun “ASAN Login” layihəsində tətbiq edilməsi fərdi məlumatların sorğulanması zamanı müəyyən risklərin qarşısını ala bilər. Belə ki, “ASAN Login”in “OAuth 2.0” protokoluna keçirilməsi vətəndaşın öz məlumatlarını özünün icazəsi ilə beynəlxalq standartlara uyğun idarə edilə bilməsini təmin edə bilər.
Fərdi məlumatlarla bağlı digər risklər daha çox “ASAN Finans” layihəsi fonunda təzahür edir. Bu layihənin məqsədi Elektron Hökumət İnformasiya Sistemi üzərindən maliyyə və aidiyyəti digər sahələrdən olan təşkilatların dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi, , ümumilikdə isə müvafiq xidmətlərin vətəndaşlar üçün daha da əlçatan və rahatlığının təmin olmasıdır. Vətəndaşların şəxsi icazəsi ilə onlar haqqında məlumatların elektron formada qurumlara asan çıxışının təmin edilməsini həyata keçirən “ASAN Finans” sistemi üçün fərdi məlumatlarından istifadə sahəsində yarana biləcək risklərin təsirini minimuma endirmək və bunun üçün risk təsirinin azaldılması planlarının olması olduqca vacibdir.