Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə internet vasitəsilə elektron formada müraciət edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verilir.
Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Təlimatda göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada Dövlət Agentliyinə təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi Dövlət Agentliyinin vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.