Bakıda Səttar Bəhlulzadənin qonşuluğunda yaşayan bir kişi qəttəzə maşın alıbmış. Sevindiyindən hər səhər tezdən durub həvəslə yuyub-təmizləyirmiş. Bir gün yenə də maşının böyür-başını silirmiş, bu vaxt Səttar çiynində molberti, əynində plaşı, barmaqlarının arasında “Avrora”sı binanın ağzında görünür. Salamlaşırlar. Kişi “nə qulluq” deyib Səttara öz təzə maşınıyla gedəcəyi yerə aparmağı təklif edir. Baxma da Səttar kimi adlı-sanlı sənətkarı maşınına mindirmək fəxr imiş. Rəssam əvvəl imtina edir, sonra havaya baxır, nə fikrə düşürsə, gəlib maşına oturur.
Qonşu soruşur: Hara gedəcəyik?
Səttar siqaretindən bir tüstü alıb cavab verir: Qubaya, lalələrin çıxan vaxtıdı.
Qonşu qalır girinc, bilmir neyləsin. O boyda Xalq rəssamı, “Qırmızı Əmək Bayrağı” ordeninin sahibi maşına minib. Güzgüdən baxır ki, Səttar da yerini rahatlayıb, plaşın qabağını açır. Görür daha gecdi. Maşını xodlayır, üzü Qubaya…
***
Qubada bazarın içində bir kafe var. Sahibi danışırdı ki, Səttar Qubaya gələndə həmişə orada oturarmış. Guya çox vaxt tavada onun üçün ceyran ətindən qovurma bişirərmiş. Əgər doğrudursa, o kafeni qəşəng təmir edib turistik məkana çevirmək olar.
P.S. Bu gün Səttar Bəhlulzadənin doğum günüdür.
Yazıçı Mirmehdi Ağaoğlu