Xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir. Onlar hazırlıqlardan sonra əməliyyata alınacaq.
Heftelik.az-ın məlumatına görə, bunu “Liv Bona Dea Hospital”ın baş həkimi Cabir Gülmalıyev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının durumu barədə jurnalistlərə açıqlamasında deyib.
O, PFL prezidenti Elxan Səmədovla, vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib: “Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib”.
Həkim digər xəstələrə ilkin tibbi müdaxilələr olunduğunu diqqətə çatdırıb: “Vəziyyətləri sabitdir, stasionara yatırılıblar”.
Qeyd edək ki, bu gün Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğlu xəsarət alıblar. Mikroavtobusda qəzaya düşən şəxslər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Zaur Hacıməhərrəmov icraçı direktor, Elgiz Abbasov texniki-idman direktoru, Sənan Abdullayev media və marketinq direktoru, Rasim Qafarlı isə sürücüdür.