Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sabiq rəhbəri Şəfəq Hüseynli keçmiş iş yerini, eləcə də Gənclər və İdman Nazirliyini məhkəməyə verib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə,  o, Nərimanov Rayon Məhkəməsinə işə bərpa və əmək haqqı tələbi ilə üz tutub.
Prosesin hazırlıq iclası gələn ilin yanvarın 9-na təyin edilib. İşə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, AMADA 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı. Bu ilin oktyabrında isə AMADA-da rəhbər dəyişikliyi edilib. Millət vəkili Nigar Arpadarai qurumun Müşahidə Şurasının sədri seçilib, Təhminə Tağızadə isə AMADA-nın icraçı direktoru təyin edilib. Şəfəq Hüseynli isə vəzifəsindən kənarlaşdırılıb.