Rayon icra hakimiyyətlərinin abadlıq, küçə, park və xiyabanlarda bir sıra işlərin satın alınması adı altında xüsusən ilin sonunda büdcə vəsaitlərini “xərcləməsi” ənənəsi davam edir.
Heftelik.az-ın xəbərinə görə, Hesablama Palatasının da dövlət qurumlarının ilin son rübündə böyük həcmdə “xərcləri”nə diqqət çəkməsinə baxmayaraq, icra qurumları bu “yeyinti ənənəsi”ndən əl çəkmir.
İcra başçılarının son illər çoxsaylı həbsləri də büdcə vəsaitlərini talamaq ənənəsinə son qoymur.
Beləliklə, Heftelik.az dekabrın 15-də diqqət çəkən tenderlərin nəticələrini təqdim edir:
Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satın alınması ilə əlaqədar tenderinin qalibi “TOPXANA LAYİHƏ İNŞAAT” MMC elan edilib. Bunun üçün 182.183,07 manat büdcə vəsaiti sərf ediləcək.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 14 aprel 2012-ci il tarixdə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Taleh Qaraşov qardaşı oğlunun qardaşını güllələyərək öldürməsi zamanı mediaya cəmiyyəti və istintaqı çaşdırmağa yönəlik məlumatlar verməsi ilə də yadda qalıb.
Neftçala İcra Hakimiyyəti isə daha da qabağa gedib. Neftçala İcra Hakimiyyətinin Neftçala rayonu üzrə abadlıq işlərinin satın alınması ilə əlaqədar tenderinin qalibi “BAKU BUILDING” MMC elan olunub. Bunun üçün 1.008.816,13 manat xərclənəcək.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı 2020-ci il 5 mart tarixindən bu vəzifədə olan Mirhəsən Seyidovdur. İcra başçısı təyin olunarkən “yerini bilməməsi”nə görə dövlət başçısının qınağına tuş gələn Mirhəsən Seyidov Neftçala rayon İcra Hakimiyyətinin saytında yerləşdirmək üçün təqdim etdiyi tərcümeyi-halında da bir dövlət məmuru üçün kobud səhvə yol verib. İcra hakimiyyətinin saytında yerləşdirilən tərcümeyi-halda qeyd edilib ki, “2019-cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub”. Halbuki Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura seçkili orqandır, səsvermə ilə seçki olur, təyinat deyil…