Gömrük orqanı əməkdaşı tərəfindən gömrük orqanlarına məxsus elektron poçt ünvanlarından fərdi sosial media hesablarının yaradılması və ya şəxsi kommunikasiyaları üçün istifadə edilməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı sosial media hesablarından istifadə zamanı paylaşımlar etdikdə aşağıdakı qaydalara riayət etməlidir:
– öz fərdi media hesablarında gömrük orqanlarının rəmzlərindən, rəsmi emblemindən istifadə etməməli, xüsusi geyim formasında və xidmət yerinə aid olan foto və ya videogörüntülərini sosial media hesablarında yerləşdirməməli, gündəlik iş prosesi ilə əlaqədar halları və məlumatları sosial mediada yaymamalı;
– fərdi sosial media hesablarında iş yeri və vəzifəsi barədə detallı məlumatlar qeyd olunmamalı, gömrük orqanlarının fəaliyyətinə aid paylaşdıqları məlumatlar isə orqanın rəsmi veb-saytı və ya sosial media platformalarında rəsmi paylaşılan məlumatlardan artıq olmamalı;
– fərdi sosial media hesablarında siyasi, dini, irqi, milli, cinsi, sosial ayrı-seçkilik, o cümlədən düşmənçilik və ədavəti ifadə edən və xidməti vəzifələrinin qərəzli icra edilməsi təəssüratı yaradan mətnlər, audio və videomateriallar, təsvirlər paylaşmamalı, bu tipli paylaşım və şərhləri bəyənməməli və şərhlər yazmamalı;
– digər sosial şəbəkə istifadəçiləri tərəfindən edilmiş paylaşımları bəyənərkən və ya şərh edərkən bu şərh və bəyənmələrin geniş yayılma potensialına xüsusi diqqət yetirməli, onların ciddi nəticələr yaratma imkanını nəzərə almalı, sözlərini və məlumatların məzmununu düzgün seçməlidir.