Bakı İlahiyyat Kollecinin yaradılması Azərbaycanda dini təhsil sahəsində önəmli bir qərardır. Çünki Azərbaycanda dövlət ali təhsil müəssisəsi olsa da, orta ixtisas dini təhsili müəssisəsi fəaliyyət göstərmirdi.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, dini təhsil ancaq ali təhsil pilləsində mövcud olub: “Beləliklə, Azərbaycanda dini təhsilin həm orta ixtisas, həm də ali təhsil pilləsi dövlət müəssisəsi tərəfindən həyata keçiriləcək. Bunu zəruri edən digər önəmli məqam isə ondan ibarətdir ki, din sahəsində fəaliyyət göstərən müxtəlif şəxslər var, onların hamısının ali təhsil alması mümkün deyil. Bəzi vəzifələr var ki, onların daşıyıcılarının dini orta ixtisas təhsili alması yetərlidir. Məsələn, dini ayinlərin icraçısı, müəzzin kimi vəzifələri tutmaq üçün dini orta ixtisas təhsilin olması kifayətdir. Deməli, Bakı İlahiyyat Kollecinin məzunları gələcəkdə müəzzin, dini ayinlərin icraçıları olacaqlar. Bu məzunlardan kimsə imam olmaq istəsə, təbii ki ali təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət edəcək. Hazırda qarşımızda duran əsas məqsədlərdən biri odur ki, Bakı İlahiyyat Kollecinin gələn ilin sentyabr ayından fəaliyyətini təşkil edək və burada da dini kadrların hazırlanmasına başlayaq”

Komitə sədri qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsi olduğu üçün orada əsasən dinşünaslar və islamşünaslar hazırlanır: “İslamşünasların məscidlərdə din xadimi kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Lakin Azərbaycan İlahiyyat İnstitutunun məzunlarının hamısının imam olması və ya bütün din sahəsində fəaliyyət göstərən şəxslərin məhz İnstitutunun məzunu olması mümkün deyil. Yuxarıda qeyd etdiyim kimi, elə ixtisaslar var ki, həmin kadrların orta ixtisas təhsili müəssisəsində hazırlanması önəmlidir”.

Mübariz Qurbanlı onu da vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunda həm dini, həm də dünyəvi fənlər tədris olunur: “Məsələn, Azərbaycan tarixi, eyni zamanda, İslam ölkələri coğrafiyası, ingilis dili, ərəb dili, politologiya və s. kimi dünyəvi fənlər tədris olunur. Bununla yanaşı, Qurani-Kərim, İslam elmləri, xristianlıq, yəhudilik və digər dinlərin tarixi də öyrədilir. Eyni qaydada Bakı İlahiyyat Kollecində də həm dünyəvi, həm də dini fənlər tədris olunacaq. Bəri başdan onu qeyd edim ki, kollecə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Kollecdə qiyabi təhsil olmayacaq. Dövlət təhsil müəssisəsi olduğu üçün ödənişli təhsildən söhbət gedə bilməz. Eyni zamanda, burada hər hansısa məzhəbə əsaslanan dini təhsil verilməyəcək. Azərbaycan İlahiyyat İnstitutunda olduğu kimi Bakı İlahiyyat Kollecində də Azərbaycandakı bütün dini reallıqlar, o cümlədən məzhəb reallıqları nəzərə alınaraq tədris həyata keçiriləcək. Həmçinin, əlavə edim ki, qızlar və oğlanlar birlikdə təhsil alacaqlar”.