Qanunvericilikdə həyata keçirilmiş dəyişiklik təhlil dövrü üzrə yaşa görə sosial müavinət alan şəxslərin sayının 49,7 min nəfər artımına səbəb olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Qeyd edək ki, müvafiq dəyişiklik əmək qabiliyyətsiz əhali kütləsinin sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərsə də, dövlətin sosial siyasətinin tərkib hissəsi kimi yaşa görə əmək pensiyaları və sosial müavinətlərin yaş həddinin bərabərləşdirilməsi, eyni zamanda minimal əmək pensiyasının məbləği ilə (280 manat) yaşa görə sosial müavinətin aylıq məbləği (220 manat) arasındakı fərqin az olması, dövlət tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərinin əsas həlqəsi olan əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığına təsir göstərən amildir. Xüsusilə də yaş həddinin eyni olması əhalinin əmək qabiliyyətli hissəsini məcburi dövlət sosial sığortaya cəlb olunmuş əmək fəaliyyəti ilə məşğul olmağa stimullaşdırmır. Təsadüfi deyil ki, müstəqilliyin ilkin dövründə Azərbaycan Respublikasında qüvvədə olmuş müvafiq qanunvericiliyə əsasən yaşa görə sosial müavinət üzrə yaş həddi yaşa görə əmək pensiyasının yaş həddindən 5 il yüksək olmuşdur.