Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar məsələlərə həsr edilib. Müşavirədə çıxış edən ölkə başçısı ölkəmizin növbəti böyük uğura imza atmasını – COP29 beynəlxalq konfransının Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəyini bildirib. Prezident qeyd edib ki, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib. Ölkəmizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünya miqyasında çox güclü mövqelərə sahib olmuşdur. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artmaqdadır, ölkənin müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa bağlılığı, sədaqəti və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırıb.
Xüsusi olaraq vurğulanıb ki, Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə qəbul edilən bu qərar antiterror əməliyyatından cəmi iki ay yarım sonra qəbul olunub və bununla da, bütün dünya ictimaiyyəti bir daha Azərbaycana öz dəstəyini ifadə edib.
Müşavirədə bildirilib ki, məlum antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri və ənənəvi olaraq Fransa Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər və bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Buna baxmayaraq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.
Azərbaycanın dünya birliyindəki mövqeyi durmadan atır. Ölkəmiz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edib və BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan bu təşkilatda Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Beləliklə, dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə edib.
Vurğulanıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycanda bu günə kimi bir çox beynəlxalq tədbirlər keçirilib. Bu il Bakı şəhərində Beynəlxalq Astronavtika Konqresi və digər mötəbər tədbirlər, idman yarışları böyük müvəffəqiyyətlə keçib. Prezident qeyd edib ki, “təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.
Azərbaycanda keçirilən Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək və iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaqdır. Bu da təqribən 70-80 min xarici qonağın bu müddət ərzində ölkəmizdə olacağı deməkdir.
Prezident İlham Əliyev bu tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək”.
Çıxışının sonunda ölkə başçısı COP29 beynəlxalq konfransının dayüksək səviyyədə keçirəcəyinə şübhə etmədiyini, tədbirin ölkəmiz və xalqımız üçün növbəti böyük uğur olacağını bildirib. Eyni zamanda, toplantı zamanı Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünya ictimaiyyəti bir daha görəcək ki, ölkənin gələcək inkişafı yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin əsas prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcəkdir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü