Müqavilələrdə sorğulanmalara məhdudiyyətlərin müəyyən edilməməsi və tariflərin isə kommersiya təşkilatlarına daha əlçatan olması fərdi məlumatlardan kütləvi şəkildə istifadə olunmasına səbəb olmaqla yanaşı, bu xidmətlərdən istifadə üzrə gəlirliliyi də 2020-ci illə müqayisədə 2021-ci ildə 9 dəfədən də çox artırıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
“ASAN Finans” sistemindən Hesablama Palatasının audit qrupuna təqdim etdiyi statistik çıxarışa əsasən fərdi məlumatlara dair sorğulanmaların ən çox banklar tərəfindən aparıldığının müşahidə edilməsi mütəmadi olaraq potensial kredit portfelinin artırılması və xidmətlərinin genişləndirilməsində maraqlı olan banklar tərəfindən vətəndaşın vahid icazəsi ilə onların fərdi məlumatlarının dəfələrlə sorğulanması riskini istisna etmir.