Bu gün prezidenti İlham Əliyevin uğurlu siyasəti beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına və dünya miqyasında çox güclü mövqelər qazanmasına səbəb olmuşdur. Təbii ki, buna dövlət başçısının həyata keçirdiyi müstəqil siyasəti, prinsipial mövqeyi və beynəlxalq hüquqa bağlılığı təsir göstərmişdir. Bu hörmət və etimadın göstəricisi olaraq bir çox nüfuzlu beynəlxalq tədbirlər ölkəmizdə keçirilir. Ölkəmizdə dünyanın inkişafına təsir edən mühüm elmi, mədəni, siyasi, iqtisadi müzakirələr aparılır, qərarlar qəbul olunur .Belə ki, ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bu nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsi qərarını bütün dünya ölkələri qəbul etmişdir. Azərbaycana növbəti dəfə böyük etimad və  hörmət göstərilmişdir .Düzdür, bu günə qədər Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilmişdir. Sonuncu Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilmişdir. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edərək və burada da beynəlxalq birliyin dəstəyini və etimadını qazanmışdır. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.

Bəzi qərb ölkələri Azərbaycanın əleyhinə əsassız ittihamlar irəli sürmüşdür. Azərbaycan isə öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir. Eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir .BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və bununla da bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir.

COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisə etsək digər önəmi odur ki, Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün  səfər edəcəkdir.

Ən mötəbər beynəlxalq tədbirlərdən biri olmasını göstərən başqa bir fakt isə ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmamasıdır.

Beləliklə COP29 beynəlxalq konfransı Azərbaycanın növbəti böyük uğuru olacaqdır. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir. Dünyada hər kəs bir daha görəcək ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda Azərbaycan dövlətinin enerji siyasətinin prioritetidir. Bütün bunlar isə prezident İlham Əliyevin beynəlxalq birlikdə qazandığı böyük nüfuzun və etimadın növbəti göstəricisidir.

 

Elsevər Məmmədov

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın tarix müəllimi