Enerji siyasətinin prioriteti

19 Dekabr 2023, 14:59

Azərbaycanın enerji resursları ilə zəngin olmasına və dünyada ənənəvi enerjinin əsas ixracatçısı kimi tanınmasına baxmayaraq, bu gün ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin prioritet hədəflərindən biri də Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və gücləndirilməsindən ibarətdir.

Bu siyasət beynəlxalq özəl şirkətlərin qarşıya qoyulmuş çağırışlarda iştirakını yüksək dəyərləndirir və Azərbaycan hökumətinin bu kimi investorlarla yaxından əməkdaşlığını ortaya qoyur.

Görülən işlərdən biri kimi, 26 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin “Abu Dhabi Future Energy Company – Masdar” şirkətinin rəhbərləri ilə birgə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakını qeyd edə bilərik.

Burada əsas məqsəd ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirmək, eyni zamanda, Azərbaycanın Cənubi Qafqazda energetika mərkəzi kimi önəmini daha da artırmağa, bu günə qədər imzalanmış Saziş və Memorandumların icrasına yönəlik əməli fəaliyyətə dəstək olacaq.

Masdar” şirkəti Azərbaycanla artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Bu gün Abşeron rayonunda günəşdən enerji əldə etmək istiqamətində yeni bir stansiyanın yaradılması, doğrudan da Azərbaycanın gələcəyinə, bütün regionun təhlükəsiz və yaşıl enerji ilə təmin olunması üçün atılan ən böyük, uğurlu addımlardan biridir.

Dövlət başçısının qeyd etdiyi kimi, “Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.”

Cənab Prezident bu günədək müxtəlif beynəlxalq platformalarda etdiyi çıxışlarında, keçirdiyi ikitərəfli və çoxtərəfli formatlardakı görüşlərində hər zaman Azərbaycanın bu gün dünyanın, o cümlədən Avropa Qitəsinin etibarlı enerji tərəfdaşı olaraq fəaliyyət göstərdiyini səsləndirir. Azərbaycan nefti və qazı ilə dünya dövlətlərinin enerji ehtiyaclarını təmin etməklə yanaşı olaraq, bundan sonra alternativ enerji mənbələrindən məharətlə istifadə edərək, enerji siyasətini yeni çağırışlara uyğun davam etdirəcəkdir.

Bu yanaşma, eyni zamanda, ölkəmizin növbəti illərdə baş verə biləcək qlobal iqtisadi inqilaba tam hazır olduğunu bir daha göstərir. Belə ki, hələ 2015-ci ildə BMT-nin üzv dövlətləri tərəfindən yekdilliklə qəbul olunan Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Azərbaycan hərtərəfli fəaliyyət göstərməkdədir. Dünyada yaşıl iqtisadiyyatın tətbiqinin sürətlənməsi, alternativ enerji mənbələrinin axtarılması və zəruri infrastrukturun hazırlanması, eləcə də “2030 Gündəliyi”nin çağırışları, xüsusilə də DİM7 (Sərfəli və təmiz enerji) və DİM13 (İqlim dəyişikliyinə qarşı mübarizə) hədəfləri ilə eynilik təşkil edir. Bu, öz növbəsində Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, qlobal Gündəliyin icrasına verilən töhfənin bariz nümunəsidir.

 

Elmir Qurbanlı

 Azərbaycan Universiteti