Uğurlu sədrlik

19 Dekabr 2023, 15:17

Regionda aparıcı faktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən 3 il müddətinə həyata keçirməyə başlayır. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurlu ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüquq və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın qurumun sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çox tərəfli diplomatiyanın təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Azərbaycanın sədrliyinin koronovirus pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın tam etimadının nəticəsində üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb və bu da uğurlu sədrliyə bir nümunədir. Etimadı qazana bilirsənsə deməli uğur daima səninlə olacaq.

 

 

Nazənin Dadaşova

Azərbaycan Dillər Universiteti