“Əmək pensiyaları haqqında” qanunun 01.07.2017-ci il tarixinədək qüvvədə olmuş müvafiq müddəalarına əsasən yaşa görə əmək pensiyaları ilə sosial müavinətlər arasında yaş fərqi kişilərdə 4 il, qadınlarda isə 2 il olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Təqaüd alan şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda 30% artıb. Təqaüd alan şəxslərin say göstəricilərinin artmasına bir sıra amillər təsir göstərib. Belə ki, 2020-ci ildə Vətən Müharibəsi ilə əlaqədar olaraq təqaüdlə təmin olunmuş müharibə veteranlarının say göstəricisi 91,5 min nəfərdən 178,4 min nəfərə, şəhid ailələrinin say göstəricisi 13,5 min nəfərdən 18,2 min nəfərədək artmış, 181 şəxsə isə Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təyin edilib. Həmçinin əmək pensiyaları sahəsi üzrə qanunvericilikdə aparılmış müvafiq dəyişikliklərə görə bəzi kateqoriya imtiyazlı şəxslərə hesablanan əmək pensiyalarının sığorta hissəsinə əlavələrin ləğv edilməsi ilə əlaqədar olaraq yeni təqaüd növləri təsis edilib.