Tibbi tullantıların idarə edilməsinə dair normativ baza var, amma bu baza bugünkü tələblərə nə qədər cavab verir və beynəlxalq sənədlərlə nə qədər uzlaşır? Bunu nə qədər yeniləməliyik? Xüsusən kimyəvi qatqılardan nə qədər qorunacağımıza dair təcrübələrimiz kifayət qədər deyil.
Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bəzən görürük ki, tibbi tullantılar məişət tullantıları ilə birgə atılır:
“Utilizasiya prosesi üçün xüsusi yerlər varmı? Yandırılırmı? Yandırılmanın səviyyəsi necədir? Bu məsələlərə diqqət yetirilməlidir. Digər tərəfdən, özəl xəstəxanalarla dövlət xəstəxanaları arasında heç bir fərq qoyulmamalıdır. Özəl xəstəxanalar dövlətin sosial yükünün bir hissəsini öz üzərinə götürüb. Onlarda vəziyyət necədir? Nəzarət hansı səviyyədə aparılır? Həmçinin kosmetoloji məntəqələr də, stomatoloji klinikalar nəzarətdə saxlanılmalıdır. Hepatitlərin yayılmasının böyük mənbəyi kosmetoloji salon və stomatoloji klinikalardır. Hesab edirəm ki, onların tullantıları yeni normativ bazaya daxil edilməlidir”.